REGİONLAR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Masallıda qadınlarla görüşüb
Masallı, 5 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun fəal qadınlarından bir qrupu ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Hicran Hüseynova son illər Masallıda sosial-iqtisadi inkişaf sahəsində görülən işlərdən, reallaşdırılan layihələrdən söhbət açıb, dövlətimizin başçısının məqsədyönlü siyasətinin rayonda uğurla həyata keçirildiyini vurğulayıb.
Masallıda fəal qadınların olduğunu deyən komitə sədri onların rayonun ictimai-siyasi həyatındakı rolunu yüksək dəyərləndirib. Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dövlət qadın siyasətinin əsasını qoyub, bu məqsədlə 1998-ci ildə ölkəmizdə müvafiq dövlət komitəsi yaradılıb. Bu siyasətdən bəhrələnən qadınlarımız cəmiyyətin bütün sahələrinə nüfuz etməyi bacarır. İndi bütün yerlərdə fədakarlıqla işləyən qadınları görürük. Hətta general rütbəsinə yüksələn qadınlarımız da var. Hüquq mühafizə sistemində çalışan qadınlara da çox rast gəlmək mümkündür.
Dünya təcrübəsindən və milli ailə modelindən danışan H.Hüseynova bildirib ki, Azərbaycan ailəsi kimi gözəl ailə modeli yoxdur. Azərbaycanda qadına dərin hörmət və ehtiram var. Bu ənənə yeni nəsillərə də ötürülməlidir.
Görüşdə çıxış edən Böyük Xocavar kənd sakini, şəhid anası Aidə Bayramova, təhsil şöbəsinin əməkdaşı Minəvyar Əzimova, sahibkar Fərqanə Dəyyanova və “Halay” folklor kollektivinin bədii rəhbəri Natəvan Əliyeva qadının ailədə və cəmiyyətdə rolundan, bu sahədə qarşıda duran vəzifələrdən danışıblar.