ELM VƏ TƏHSİL
Akademik Arif Paşayev “Mühəndislik elminin perspektiv məsələləri” adlı beynəlxalq konfransda məruzə ilə çıxış edib
Bakı, 16 may, AZƏRTAC
Moskvada SSRİ Mühəndislik Akademiyasının, Rusiya və Beynəlxalq Mühəndislik Akademiyalarının 30 illiyinə, həmçinin Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) və Rusiya Mühəndislik Akademiyasının (RMA) prezidenti akademik B.V.Qusevin 85 illik yubileyinə həsr olunmuş “Mühəndislik elminin perspektiv məsələləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
Azərbaycan Mühəndislik Akademiyasından AZƏRTAC-a bildirilib ki, konfransda 17 ölkədən 94 nəfər iştirak edib. Konfrans koronavirus pandemiyası ilə əlaqədar olaraq distant formatda təşkil edilib.
BMA və RMA-nın Prezidenti akademik Boris Qusev giriş sözü ilə çıxış edib. BMA-nın fəxri prezidenti, Beynəlxalq Tan Mükafatının təsisçisi Samuel İn çıxış edərək konfrans iştirakçılarını salamlayıb.
Sonra Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayev “Azərbaycanın prioritetləri: enerji layihələri və elm tutumlu sahələrin inkişafı” adlı məruzə ilə çıxış edib. Yubilyarı 85 illik yubileyi münasibətilə təbrik edən Arif Paşayev vurğulayıb: “Siz Rusiyanın intellektual fondunun görkəmli nümayəndəsi və istedadlı təşkilatçı-alimsiniz. Sizin fəaliyyətiniz Rusiya, MDB ölkələri və uzaq xarici ölkələrin elmi və mühəndislik birliklərinin birləşdirilməsində böyük rol oynayır. Bu tarix, yaradıcılıq fəaliyyəti və mütərəqqi fikirlərlə dolu həyat fəaliyyətinizin yekun hesabatı kimi qeyd olundu və Sizin kimi bir insanla ümumi elm və texnologiya sahəsində əməkdaşlıq etməyimizə məmnunluq duyuruq”.
Növbəti məruzə ilə “Krekinq-proses zamanı firksion elementlərinin qarşılıqlı təsirinin tribokinetik modelləri” mövzusunda akademiyanın vitse-prezidenti, akademik Əhəd Canəhmədov çıxış edib.
Ümumilikdə 20 məruzə dinlənilib.