ELM VƏ TƏHSİL
AKADEMİK HƏSƏN ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət heyətinin binasında görkəmli alim, akademik Həsən Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilmişdir.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov sessiyanı açaraq təbiətşünas və coğrafiyaşünas alimin zəngin elmi fəaliyyətindən danışaraq bildirmişdir ki, Həsən Əliyev Azərbaycan elminin təkcə keçmiş SSRİ ərazisində deyil, bütün dünyada tanınması üçün çox işlər görmüşdür.
Azərbaycanda ekologiya elminin inkişafında Həsən Əliyevin xidmətlərindən bəhs edən akademik Budaq Budaqov demişdir ki, ömrünün sonunadək tədqiqat işləri ilə məşğul olan alim 400-dən çox elmi əsərin, o cümlədən “Azərbaycanda torpaqşünaslıq”, “Yüksək dağlıq zonalarda torpaqların bəzi xüsusiyyətləri”, “Azərbaycanda qonur meşə torpaqlarının yayılması” kimi fundamental əsərlərin müəllifidir.
B.Budaqov bildirmişdir ki, ölkə ekoloqları, habelə melioratorları, bioloqları, geoloqları indi də bir örnək kimi Həsən Əliyevin əsərlərinə tez-tez müraciət edirlər.
Akademik Qərib Məmmədov Həsən Əliyevin Azərbaycanda torpaqşünaslığın və ekologiya elminin inkişafında rolu”, coğrafiya elmləri namizədi Nazim Bababəyli “Akademik Həsən Əliyev və coğrafiya elminin inkişaf problemləri”, “Gəncə Texniki Universitetinin dosenti Gülsüm Quliyeva “Elmimizin ağsaqqalı və cəmiyyət” mövzularında məruzələr etmişlər.
Bildirilmişdir ki, məhz Həsən Əliyevin təklifi ilə Azərbaycanın “Qırmızı kitab”ı, habelə alimin Botanika İnstitutuna rəhbərlik etdiyi 1949-1952-ci illərdə 8 cildlik “Azərbaycan florası” kitabı nəşr olunmuşdur.
Həsən Əliyev elmi kadrların hazırlanmasına (50-dən çox elmlər namizədi və doktoru), AMEA torpaqşünaslıq və aqrokimya institutlarının yaradılmasına böyük töhfələr vermişdir.
Natiqlər Həsən Əliyevin ekologiya və torpaqşünaslıq elmlərinə gətirdiyi yeniliklərdən ətraflı danışmış, xatirələrini bölüşmüşlər.