ELM VƏ TƏHSİL
Akademik Məmməd Salmanov: İçməli suların texniki məqsədlərlə istifadəsi yolverilməzdir
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mikrobiologiya İnstitutu ölkə ərazisinə məxsus təbii biotoplarda yayılan mikroorqanizmlərin (torpaqda, suda) ekoloji, fizioloji, biokimyəvi və biotexnoloji aspektləri probleminin tədqiqi ilə məşğuldur. Başqa sözlə desək, uzun illər ekoloji sabitliyinə lazımi qayğı gostərilməyən (xüsüsən keçmiş sovet dövründə) torpaqlarımızın, su mənbələrimizin müasir ekoloji vəziyyətinin müəyyənləşdirilməsi, qorunması, sağlamlaşdırılırması yollarının araşdırılması institutun əsas qayələrindəndir. Sularımız – çaylar, göllər, bulaqlar, su anbarları, termal-mineral qaynaqlar, o cümlədən Xəzər dənizi ekosistemlərinin fundamental tədqiqi son 55 ildə davam etdirilsə də, aparılan monitorinqyönümlü işlərə yeni məqsədlər əlavə olunub. Bu da ondan ibarətdir ki, yerli su mənbələrinin ümumi sanitar-gigiyenik baxımdan qorunmasını əlaqədar qurumlarla birgə həyata keçirmək və ən başlıcası, hər bölgədə məişətdə içmək üçün yararlı olan alternativ mənbələri müəyyənləşdirməkdir. Məsələn, Lənkəran təbii vilayətində 10-12, sututumu böyük olan çayların müqayisəli tədqiqi sayəsində iki çay daha əlverişli sayılıb. Eyni məqsədlə də Balakən rayonu üçün Sıltıqçay bulaqları (üç dəyişməz debitli), Ağstafa rayonunda Saloğlu bulağı məqsədəuyğun qiymətləndirilir.
Bunu AZƏRTAC-a Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov bildirib.
Alim qeyd edib ki, hələ keçən əsrin 60-cı illərində Azərbaycanın qərb bölgəsindəki şirin su mənbələrinin tədqiqi zamanı, qonşu dövlətlərin ərazisi, yerli təsərrüfat, sənaye sahələri ilə əlaqəsi olmayan Şəmkirçay öz təmizliyi ilə diqqətimizi cəlb edib. Ona görə də, Gəncə, Göygöl, Şəmkir, Tovuz və başqa yaşayış məntəqələrində əhalini təmiz su ilə təmin etmək üçün Şəmkirçay olduqca qiymətli mənbə sayılıb. 2014-cü ildə Şəmkirçay su anbarı yaradılıb. Öz ekoloji vəziyyətinə, yerləşdiyi ərazinin geomorfoloji və başqa hidroloji xüsusiyyətlərinə görə Azərbaycanda yaradılan su anbarları içərisində bu su tutumu olduqca təmiz və safdır. Bəndlə kəsiləndən sonra öz həcminə, hidroqrafik qurumuna görə Şəmkirçay suyu dağlarla əhatə olunan dərələrdə yavaşıyıb daha da durulur, şəffaflaşır və kənar kimyəvi, fiziki təmizlənmə tədbirləri, reagentlər işlətmədən məişətdə istifadə oluna bilər. Ona görə qərb bölgəsində belə qiymətli suların texniki məqsədlərlə istifadəsi yolverilməzdir. Yaxşı olar ki, belə su mənbələri içmək üçün nəzərdə tutulsun, suvarmada isə əsas etibarilə Kür suyundan istifadə edilsin.