ELM VƏ TƏHSİL
Akademik Rasim Əliquliyev: Alimlərin səmərəli tədqiqat aparması üçün informasiyasının əlçatanlığı təmin olunmalıdır
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti və İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) təşkilatçılığı ilə keçirilən “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktik problemləri” V respublika konfransında AMEA-nın vitse-prezidenti, İTİ-nin direktoru, akademik Rasim Əliquliyev çıxış edib.
AZƏRTAC xəbər verir ki, akademik fərdi məlumatların mühafizəsinə həsr edilmiş konfransın böyük əhəmiyyətə malik olduğunu, cəmiyyət və müvafiq dövlət qurumları qarşısında hesabat xarakteri daşıdığını söyləyib. Alim informasiya təhlükəsizliyinin akademiyanın prioritet istiqamətlərindən olduğunu bildirərək qurumda informasiya təhlükəsizliyinin texnoloji aspektləri ilə yanaşı, siyasi-ideoloji, iqtisadi, humanitar, kulturoloji və s. aspektlərə dair mühüm tədqiqatların aparıldığını vurğulayıb. Ölkəmizdə kibercinayətkarlıqla mübarizə işinin səmərəli təşkili, idarə olunması, koordinasiyası, yeni yanaşmaların dərindən öyrənilməsi və kadr hazırlığının həyata keçirilməsi ilə bağlı mühüm tədbirlərin görüldüyünü deyən akademik AMEA-nın bu istiqamətdə dövlət siyasətinə elmi dəstək verdiyini qeyd edib.
Alim internet-kriminalistika, kibercinayətkarlıqla mübarizə, kibertəhlükəsizliyin çoxaspektli problemlərinin həlli, informasiya təhlükəsizliyi kimi sahələrin institutun prioritet istiqamətlərindən olduğunu bildirib. İnternet-kriminalistikanın aktuallıq kəsb edən məsələlərdən olduğunu qeyd edən alim institutda internet-kriminalistikanın müasir vəziyyəti, problem və perspektivlərinin araşdırılması istiqamətində tədqiqatların aparıldığını deyib. Onun sözlərinə görə, toplanmış fərdi məlumatlar sistemli analiz nəticəsində demoqrafik tədqiqat məqsədilə istifadə olunmalı, alimlərin səmərəli tədqiqat aparması üçün informasiyanın əlçatanlığı təmin olunmalıdır.
Akademik fərdi məlumatların mühafizəsi ilə bağlı fikirlərini səsləndirib, onun sosial-psixoloji, hüquqi, texnoloji və s. aspektləri üzrə multidissiplinar araşdırmaların aparılmasının, fərdi məlumatların mühafizəsi sahəsində yüksəkixtisaslı hüquqi, texnoloji və s. sferalar üzrə kadrların hazırlanmasının zərurliyini vurğulayıb. O, həmçinin dövlət qurumları və vətəndaş cəmiyyəti müəssisələrinin səylərini birləşdirərək ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasına dəstək verməsinin vacib məsələlərdən olduğunu qeyd edib.