REGİONLAR
Akademik Zərifə Əliyevanın xatirəsi Ağstafada anılıb
Ağstafa, 27 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının Qadınlar Şurasının təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibəti ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı Qadınlar Şurasının sədri Şəhanə Osmanova açıq. Qeyd edilib ki, yüksək intellektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti Zərifə xanımı hamıya sevdirib. O, hər zaman düşünürdü ki, müalicəsinin uğurlu olması üçün həkim, ilk növbədə, insanları sevməli, onların ağrısını hiss etməlidir.
Çıxışlarda bildirilib ki, Zərifə Əliyeva 1959-cu ildə namizədlik dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. O, 1967-ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz Xəstəlikləri kafedrasının dosenti vəzifəsinə seçilib. Zərifə xanım dosentlikdən, professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlib, Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olub. Gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsində bir sıra orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülərək keçmiş SSRİ-də bu mükafatı qazanan ilk qadındır.
Tədbirdə çıxış edən digər natiqlər də Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə geniş nəzər salıblar.