CƏMİYYƏT
“AKKORD Georgia” şirkəti Gürcüstanda qanvermə aksiyası keçirib
Tbilisi, 19 dekabr, AZƏRTAC
“AKKORD Georgia” şirkəti dekabrın 19-da Gürcüstanın müxtəlif bölgələrində qanvermə aksiyası keçirib.
Şirkətin direktoru Naci Özdəmir AZƏRTAC-a müsahibəsində deyib ki, “AKKORD Georgia”nın Gürcüstanda fəaliyyətə başlamasının 5 illiyinə həsr olunan aksiyanın məqsədi qan azlığından əziyyət çəkən insanlara yardım göstərmək, eləcə də Azərbaycan və gürcü xalqları arasındakı dostluq münasibətlərini daha da inkişaf etdirməkdir. Bu gün Tbilisi və Kutaisi şəhərlərində təşkil olunan aksiyalarda 100-ə yaxın könüllü iştirak edir. Bu cür aksiyalar davamlı olacaq.
Tbilisi şəhər Qanköçürmə Mərkəzinin direktoru Rola Şavlakadze deyib ki, keçirilən bu aksiya həkimlər və yerli ictimaiyyət tərəfindən çox yüksək qarşılanıb. “AKKORD Georgia” şirkətinin keçirdiyi bu aksiya nəticəsində yığılan maye Qan Bankına təhvil veriləcək. İnanırıq ki, toplanan qan neçə-neçə insanın həyata qayıtmasına kömək edəcək. Biz bu cür tədbirlər təşkil etdiyinə görə dost Azərbaycan xalqına minnətdarıq.
Tbilisidə təşkil olunan aksiyada şirkətin 50-yə yaxın əməkdaşı, o cümlədən taekvondo üzrə keçmiş dünya çempionu Samir İlyaslı könüllü olaraq iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi