İQTİSADİYYAT
“Akkord” Qazaxıstanda icra etdiyi beynəlxalq layihəni uğurla tamamlayıb
Bakı, 10 dekabr, AZƏRTAC
“Akkord” Korporasiyası “Qərbi Avropa-Qərbi Çin tranzit koridoru” layihəsi çərçivəsində Qazaxıstanda icra etdiyi və Qızılorda vilayətindən keçən 107 kilometrlik yolun tikintisini uğurla başa çatdırıb.
Korporasiyadan AZƏRTAC-a verilən məlumata görə, 2010-cu il martın 15-də start verilən bu layihə üzrə işlər “Akkord”un Qazaxıstandakı filialı və Türkiyənin “Okan Holdinq” şirkəti arasında yaradılmış “Akkord-Okan JV” birgə müəssisəsi tərəfindən həyata keçirilib.
“Akkord” yolun Qazaxıstanın Qızılorda vilayətindən keçən 52 və 55 kilometrlik hissələrinin tikintisi ilə bağlı müqaviləyə 2009-cu ilin dekabrında qoşulub. Layihənin sifarişçisi qismində Qazaxıstanın Nəqliyyat və Rabitə Nazirliyinin Avtomobil Yolları Komitəsi, maliyyəçi qismində isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı çıxış edib. Layihənin dəyəri 155.853.053.75 ABŞ dollarına bərabərdir.
Layihə çərçivəsində ərazidə 2 asfalt, 1 beton, 1 qum-çınqıl zavodu quraşdırılaraq təyinatı üzrə istifadə edilib. Yolda iki lot üzrə 14 körpü, 2 dairəvi yol ötürücüsü, 88 suötürücü boru, 6 heyvan keçidi inşa olunub, 282 işıqlandırma dirəyi quraşdırılıb.
Korporasiyanın yol-nəqliyyat infrastrukturunun tikintisi sahəsində nümayiş etdirdiyi yüksək peşəkarlıq Qazaxıstanın müvafiq dövlət qurumları tərəfindən yüksək qiymətləndirilib.
Ümumilikdə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq layihəsi (CAREC) çərçivəsində “Qərbi Avropa-Qərbi Çin beynəlxalq nəqliyyat koridoru” layihəsi üzrə Avropanı Çinlə birləşdirən 2787 kilometrlik beynəlxalq əhəmiyyətli yolun tikintisi nəzərdə tutulur.