İQTİSADİYYAT
“Akkord” Ukraynada dövlət tenderinin qalibi olmuşdur
Bakı, 4 avqust (AZƏRTAC). “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Ukraynada Kiyev-Çop yolunun yenidən qurulması layihəsi üzrə keçirilən dövlət tenderinin qalibi olmuşdur.
Korporasiyanın ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirmişlər ki, Ukraynanın Avtomobil Yolları Dövlət Xidmətinin “M06 Kiyev-Çop yolunun Əsaslı Bərpası Layihəsi” üzrə elan etdiyi tenderdə İtaliya, Sloveniya, Türkiyə, Azərbaycan, Koreya Respublikası, Çin, Avstriya və s. ölkələrdən şirkətlər iştirak etmişdir. “Akkord” Korporasiyası tenderdə italyan şirkətləri ilə birgə yaradılmış konsorsiumla iştirak etmişdir.
“M06 Kiyev-Çop yolunun Əsaslı Bərpası üzrə Layihə (14-128 kilometr)” dörd lotdan ibarət olmaqla, hər biri iki lotu əhatə edən 2 müqavilə ilə tənzimlənir. Layihə üzrə müvafiq müqavilələr Ukraynanın Avtomobil Yolları Dövlət Xidməti və konsorsium tərəfindən imzalanmışdır. Hər iki müqavilənin ümumi dəyəri 204 milyon 511 min 292 avro təşkil edir.
Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilir və 2012-ci ildə Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatına hazırlıq tədbirləri çərçivəsində həyata keçirilir.