İQTİSADİYYAT
“Akkord”da daxili audit funksiyası təkmilləşdirilmişdir
Bakı, 25 dekabr (AZƏRTAC). “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-də daxili audit funksiyası əsaslı təkmilləşdirilmişdir.
Şirkətdən AZƏRTAC-a daxil olan məlumata görə, cari ildə ASC-nin 2010-cu il üzrə illik və 2011-ci ilin altı ayına dair yarımillik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun hazırlanması və “Mak Azerbaijan Ltd.” tərəfindən yoxlanılması müvəffəqiyyətlə başa çatdırılmışdır.
Ümumilikdə, “Akkord” Korporasiyasının 2007, 2008, 2009, 2010-cu illərin və 2011-ci ilin 6 ayının yekunlarına görə maliyyə hesabatları MHBS-a uyğun hazırlanmış və “Mak Azerbaijan Ltd.” audit firmasının yoxlamasından keçmişdir.
Eyni zamanda, maliyyə hesabatlarının növbəti auditini aparmaq məqsədi ilə “Akkord” Korporasiyası tərəfindən dünyanın audit və konsaltinq şirkətlərinin “böyük dördlüyü”nə daxil olan “Deloitte & Touche” şirkəti ilə müqavilə bağlanmışdır.