İQTİSADİYYAT
Aksiz markalarının və ipoteka kağızlarının verilməsində artım müşahidə olunmuşdur
Naxçıvan, 21 dekabr (AZƏRTAC). Ötən illə müqayisədə Naxçıvan Muxtar Respublikasında aksiz markalarının və ipoteka kağızlarının verilməsində artım müşahidə olunmuşdur. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsindən məlumat vermişlər. Bildirilmişdir ki, cari ilin 11 ayında idarə tərəfindən ümumilikdə 3 milyon ədəd aksiz markası verilmiş, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinə məxsus 22 ipoteka kağızının dövlət qeydiyyatı və 17 ədəd ipoteka kağızının əlavə dövlət qeydiyyatı aparılmışdır. 8 səhmdar cəmiyyətinə məxsus qiymətli kağızlar Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin bildirişi və Milli Depozit Mərkəzinin aktı əsasında dövriyyədən çıxarılmış, bu barədə onlara arayış təqdim olunmuşdur.
Bəhs olunan dövrdə Milli Depozit Mərkəzinin Naxçıvan Muxtar Respublikası filialı tərəfindən 11 reyestrdən və 12 depo hesabından çıxarışlar, 1 sertifikat verilmiş və 109 əqd, 9 reyestr üzrə müqavilə bağlanılmışdır.