CƏMİYYƏT
Aksiz markası ilə markalanmayan siqaretlərin ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 11 aprel, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları aksiz markası ilə markalanmayan siqaretlərin gömrük sərhədindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarəyə daxil olan əməliyyat məlumatı əsasında, Daşkənd-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı nəzarətə götürülüb. Həmin şəxs Heydər Əliyev Beynəlxalq Aeroportunun dayanacağında Daşkənd-Bakı aviareysi ilə gələn digər sərnişinlərdən malları qəbul edərkən saxlanılıb. Malların yoxlanılması zamanı vətəndaşa məxsus üç ədəd paketdə gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməyən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan cəmi 3800 ədəd “Kent Micro HD Taste System”, “Kent HD Taste System” və “Kent Nanotek 2.0” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.