DÜNYA
Albaniya Baş Nazirinin gələcək gəlini zəlzələ zamanı həlak olub
Bakı, 29 noyabr, AZƏRTAC
Albaniya Baş Nazirinin gələcək gəlini ölkədə baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olub.
AZƏRTAC “Daily Mail” qəzetinə istinadla xəbər verir ki, bu barədə hökumət başçısının oğlu Qreqor Rama özünün “Instagram” səhifəsində məlumat yayıb. Qreqorun nişanlısı Kristi Recinin atası, anası və qardaşı ilə birgə həlak olduğu bildirilir.
Xatırladaq ki, noyabrın 26-da səhər saatlarında Albaniyanın paytaxtı Tirana yaxınlığında 6,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Şidjak şəhərindən 10 kilometr şimal-qərbdə, ocağı isə yer səthindən 10 kilometr dərinlikdə yerləşib. Təbii fəlakət Tirana və Durres şəhərlərinə daha çox ziyan vurub.
Son məlumata görə, zəlzələ nəticəsində 48 nəfər həlak olub, 790 nəfər yaralanıb. İndiyədək dağıntılar altından 45 nəfər xilas edilib, onlardan üçünün vəziyyəti ağırdır. Axtarış-xilasetmə əməliyyatları davam edir.