İQTİSADİYYAT
Albaniya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 24 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Albaniyada səfərdədir.
ARDNŞ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfər çərçivəsində Albaniya Respublikasının Baş naziri Sali Berişa və parlament seçkilərində qalib gəlmiş Sosialist Partiyasının lideri Edi Rama ilə görüşlər keçirilmişdir.
Görüşlərdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, həyata keçirilməsi planlaşdırılan Trans-Adriatik qaz kəməri layihəsi (TAP), eləcə də Albaniya daxilində mövcud qaz bazarının inkişaf potensialı barədə fikir mübadiləsi aparılmışdır.
Görüşlərdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol qeyd olunmuş, ölkəmiz ilə Albaniya arasında iqtisadi əlaqələrin, o cümlədən enerji sektorunda əməkdaşlığın böyük önəm daşıdığı və qarşılıqlı tərəfdaşlığa mühüm töhfə verə biləcəyi diqqətə çatdırılmışdır.
Azərbaycanda hasil olunan təbii qazın Avropaya nəqli istiqamətində aparılan işlər barədə məlumat verilmiş, TAP layihəsinin gerçəkləşməsində Albaniyanın maraqlı olduğu bildirilmişdir.
Tərəflər əldə edilmiş irəliləyişləri qeyd edərək, ikitərəfli görüşlərin davam etdirilməsi barədə razılığa gəlmişlər.