SİYASƏT
Albaniyanın sabiq prezidentləri Bakıda keçirilmiş II Qlobal Açıq Cəmiyyətlər Forumunun nəticələrini yüksək qiymətləndirmişlər
Bakı, 10 iyun (AZƏRTAC). Bu ilin aprelində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun təşkilatçılığı ilə Bakıda keçirilmiş II Qlobal Açıq Cəmiyyətlər Forumunun qiymətləndirilməsi məqsədilə Albaniyanın paytaxtı Tiranada bir sıra görüşlər keçirilmişdir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradov Albaniyanın sabiq prezidentləri Sali Berişa, Recep Meydani və Bamir Topi ilə görüşmüşdür.
Görüşlərdə sabiq prezidentlər Bakıda keçirilmiş Forumun nəticələrini yüksək qiymətləndirmiş və növbəti təşəbbüslərdə iştirakdan məmnun olacaqlarını vurğulamışlar.
2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişafı proqramına həsr olunmuş II Qlobal Açıq Cəmiyyətlər Forumunda 57 ölkədən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim iştirak etmişdir. Onların arasında 32 ölkənin sabiq dövlət və hökumət başçıları da olmuşdur.