ELM VƏ TƏHSİL
ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANLARININ MODELİNDƏ HEÇ BİR DƏYİŞİKLİKLƏR OLMAYACAQDIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 10-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.
2008-2009-cu tədris ili üçün ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlıq barədə məlumat verən TQDK-nın sədri Məleykə Abbaszadə bildirmişdir ki, qəbul imtahanlarının modelində, qrupların tərkibində heç bir dəyişikliklər olmayacaqdır.
Qəbul imtahanlarının təşkilində isə bu prosesi sadələşdirmək üçün dəyişikliklərin gözlənildiyini qeyd edən M.Abbaszadə, eyni zamanda, 2009-cu ilin yanvarında müvafiq fənlər üzrə qəbul proqramlarının nəşr ediləcəyini söyləmişdir.
TQDK-nın sədri rəhbərlik etdiyi qurum tərəfindən hazırlanmış V-XI siniflər üçün ayrı-ayrı fənlər, o cümlədən riyaziyyat, fizika, Azərbaycan dili, biologiya, Azərbaycan tarixi üzrə yeni-təkmilləşdirilmiş test toplularının nəşr edildiyini də diqqətə çatdırmışdır.
Sonra jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.