ELM VƏ TƏHSİL
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MAGİSTRATURASINA QƏBUL QAYDALARI AÇIQLANMIŞDIR
Martın 6-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda ali məktəblərin magistratura pilləsinə hazırlaşan bakalavrlara kömək məqsədi ilə “Magistr” jurnalının builki 1-ci nömrəsinin nəşr edildiyini bildirən TQDK-nın sədr müavini Namiq Babayev və mütəxəssislər jurnalın bu nömrəsində magistraturaya qəbul qaydalarının, bakalavr pilləsinin bütün ixtisas sahələri üzrə qəbul proqramlarının və ixtisas seçimi cədvəllərinin verildiyini diqqətə çatdırmışlar.
Natiqlər aparılan səmərəli iş nəticəsində magistraturaya qəbul imtahanının məzmununa aid zəruri elmi-metodiki materialların hazırlandığını, nəticədə 68 qəbul proqramının formalaşdırıldığını, bunlardan 52-sinin rus və Azərbaycan bölmələri, 16-sının isə yalnız Azərbaycan bölməsi üzrə olduğunu diqqətə çatdırmışlar.
Proqramlar bakalavr pilləsinin ixtisas sahələri üzrə 5 kitabçada qruplaşdırılaraq nəşr edilmişdir.
Ali məktəblərin magistratura pilləsinə qəbul olunmaq istəyən şəxslər qəbul imtahanında iştirak etmək üçün internet vasitəsilə TQDK-nın rəsmi saytında “Bakalavrın elektron ərizəsi” formasını doldurmalı və müvafiq qurum tərəfindən yaradılmış sənəd qəbulu komissiyalarına müvafiq sənədlərini şəxsən təqdim edərək ərizələrini rəsmiləşdirməlidirlər.
Bu il magistraturaya qəbul qaydalarına əsasən, bakalavrların eyni qəbul proqramı çərçivəsində 10-dək ixtisas kodu seçmək imkanı olduğunu (keçən il bakalavrlar eyni qəbul proqramı çərçivəsində 5-dək ixtisas kodu seçə bilərdilər) qeyd edən natiqlər, eyni zamanda bildirmişlər ki, magistraturaya qəbul imtahanlarında bakalavrın məntiqi təfəkkürü, qəbul olunmaq istədiyi ixtisas və xarici dil üzrə bilik səviyyəsi test üsulu ilə müəyyənləşdirilir.
Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.