DÜNYA
Alimlər arıların nə üçün sürətlə yoxa çıxdığını aydınlaşdırmışlar
Bakı, 12 aprel (AZƏRTAC). Harvard Universitetinin Xalqın sağlamlığı məktəbinin alimlərinin fikrincə, son illər bütün dünyada müşahidə olunan arıların yoxa çıxması imidakloprid adlı geniş yayılmış pestisidin istifadəsi ilə bağlıdır. Məqalənin müəllifi, professor Aleks Lyu əmindir ki, onun başçılıq etdiyi qrup imidaklopridlə arıların pətəklərdən müəmmalı şəkildə yoxa çıxması arasında əlaqənin inandırıcı sübutunu aşkar etmişdir.
Hər şey 2006-cı ildə ABŞ-da başlanmışdır. Vahiməyə düşən arıçılar bildirmişlər ki, arılar pətəkləri tərk edəndən sonra geri qayıtmır. Arı pandemiyası təkcə bal istehsalına təsir göstərməmişdir. Arılar həm də insan üçün əhəmiyyətli bitkilərin, o cümlədən meyvə-tərəvəzin, qoz, fındıq ağaclarının, mal-qara üçün yonca və qarayonca kimi bitkilərin təxminən üçdə bir hissəsini tozlandırır. Ekspertlərin hesablamalarına görə, bal arılarının kütləvi şəkildə itirilməsi milyardlarla dollar ziyan vura bilər.
Arılar iki yolla - ya bitkilərin nektarı, ya da arıçıların onlara verdiyi qida vasitəsilə təsirə məruz qalır. Ən çox şübhə doğuran vasitə imidakloprid olmuşdur. Tədqiqatçılar 2010-cu ilin yayında dörd müxtəlif arıçılıq təsərrüfatında 23 həftəlik sınaqlara başlamışlar. Üç təsərrüfatda pətəklər yüksək səviyyədə imidakloprid konsentrasiyasının təsirinə məruz qalmış, dördüncü təsərrüfatda isə həmin pestisiddən istifadə olunmamışdır. 12 həftə sonra bütün arılar salamat olsa da, 23 həftə sonra pestisidin təsirinə məruz qalmış pətəklərin 94 faizi tələf olmuş, nəzarətdə olan pətəklər isə salamat qalmışdır.
Tədqiqatın nəticələri, əslində, “Arı ailələrinin kollapsı” (CCD - Colony Collapse Disorder) adlandırılmış fenomenin məlumatları ilə üst-üstə düşür. Qida ehtiyatı saxlanılan yerlərdən başqa CCD-yə təsadüf edilən yerlərdə pətəklər daim boşalmış, yaxınlıqda çox az sayda ölü arı aşkar edilmişdir. İstənilən halda - istər həşəratların hücumu, istərsə də qəfil yoluxucu xəstəlik nəticəsində ölü arılara ya pətəklərdə, ya da onların yaxınlığında təsadüf edilir. Bu halda isə arılar sadəcə uçub tələf olur.