CƏMİYYƏT
Alimlər: Hündürboylu insanlar xərçəngə daha meyillidirlər
Bakı, 3 oktyabr, AZƏRTAC
İsveç onkoloqları insanın boyu ilə onun xərçəng xəstəliyinə tutulmaq riski arasında müəyyən əlaqənin olduğunu iddia ediblər.
AZƏRTAC aif.ru saytına istinadla xəbər verir ki, alimlər bununla bağlı apardıqları tədqiqatların nəticələrini Barselonada elmi konfransda açıqlayıblar. Müəyyən edilib ki, hündürboylu insanlar onkoloji xəstəliklərə daha meyilli olurlar. Belə ki, hər on santimetr boy artımı qadınlarda 11 faiz, kişilərdə isə 18 faiz xərçəngə tutulmaq ehtimalını artırır. Mütəxəssislər bunu hündürboylu insanların orqanizmində hüceyrələrin çoxluğu ilə izah ediblər. Bildiriblər ki, bu da bəzi hüceyrələrin asanlıqla bədxassəli şişə çevrilməsinə imkan yaradır.
Tədqiqatlarda 24 yaşdan 77 yaşadək 5,5 milyon könüllü iştirak edib.