DÜNYA
Alimlər quş qripinin mutant virusunun yayılmasından ehtiyatlanırlar
Bakı, 16 yanvar (AZƏRTAC). Quş qripi virusu ilə eksperimentlər aparmış alimlər onun yayılmasından ehtiyatlanırlar. Onların yaratdıqları mutant virus dünyanı az qala bioloji fəlakətə düçar edə bilər. Virus haqqında təkcə bu məlumdur ki, o, hava-damcı yolu ilə ötürülür - qalan məlumatın bəyan olunmasını Amerika hökuməti qadağan etmişdir.
Lakin eksperiment müəlliflərinin özləri təkid edirlər ki, onun nəticələri alimlərə verilsin. Onların fikrincə, mutasiyaları vaxtında aşkara çıxarıb onlarla mübarizə aparmaq üçün mütəxəssislər mutasiyalar haqqında daha çox bilməlidirlər.
Amma dəhşətli ssenari həyata keçərsə, iki il bundan əvvəl dünyanı bürümüş donuz qripinə bənzər pandemiya baş verəcəkdir.
Donuz qripindən sonra ağırlaşmalar çox nadir hallarda olur. Alimlərin məlumatına görə, quş qripinə tutulan adamların isə yarısı ölür. Alimlərin yayılmasından ehtiyatlandıqları virus da məhz elə quş qripidir, lakin əlavə xassələrlə. Məhz bu xassələr qrip virusuna pandemiya yaratmaq qabiliyyəti verir. Bu, virusun insandan-insana əsasən hava-damcı yolu ilə keçmə qabiliyyətidir.
Amma bu virusun üzə çıxması ehtimalı azdır. Onu çox məsuliyyətli bir təşkilatın alimləri əldə etmişlər. Belə viruslarla işləmək şərtləri bütün dünyada ən xırdalıqlarınadək düşünülmüşdür.
Bundan başqa, heç kəs bu virusu ətraf mühitə buraxmaq fikrində deyildir və laboratoriya şəraitində onu asanlıqla məhv etmək mümkündür.