CƏMİYYƏT
Alimlər tibb elmi üzrə strategiyanın hazırlanması məsələsini müzakirə ediblər
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında AMEA Tibb üzrə Əlaqələndirmə Şurası və Səhiyyə Nazirliyi Elmi Şurasının birgə toplantısı keçirilib.
ATU-dan AZƏRTAC-a bildirilib ki, toplantıda “Azərbaycan elmi-2030: yol xəritəsi”, elektron səhiyyə üzrə işçi qrupunun yaradılması, elmi hesabatların forması, elmi tədqiqatların qeydiyyatı ilə bağlı məsələlər müzakirə olunub. Tədbiri açıq elan edən AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov gündəlikdə olan məsələlər haqqında məlumat verib. Artıq Azərbaycanın dünyaya inteqrasiya etmiş bir ölkə olduğunu diqqətə çatdıran N.Bayramov bildirib: “Bu günlərdə Elmlər Akademiyasında, Prezident Administrasiyasında belə bir qərar qəbul olunub ki, 2030-cu ilədək dövrdə Azərbaycan elminin əsas prioritetləri və istiqamətlərini müəyyən edək. Bütün elm sahələri üzrə, o cümlədən də tibb elmi üzrə elmi strategiyanı hazırlayıb təqdim etməliyik. Daha sonra bu strategiya Akademiyada və Nazirlər Kabinetində müzakirə olunduqdan sonra Prezident Administrasiyasında təsdiq olunacaq və 2030-cu ilə qədərki strategiyamız bunun üzərində qurulacaq".
Daha sonra toplantı iştirakçıları prioritetlər, hədəflər, qeyri-infeksion xəstəliklər və gündəlikdə olan müəyyən məsələlərlə bağlı öz fikirlərini səsləndiriblər.