CƏMİYYƏT
Alman-Azərbaycan Dostluq Assosiasiyası Ermənistanın genişmiqyaslı təxribatına etiraz edib
Bakı, 14 sentyabr, AZƏRTAC
Almaniyanın Hannover şəhərində yaşayan Azərbaycan icması Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-də gecədən başlayaraq genişmiqyaslı təxribat törətməsinə etiraz edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Alman-Azərbaycan Dostluq Assosiasiyasının yerli və beynəlxalq ictimaiyyətə ünvanlanan bəyanatında hərbi təxribat nəticəsində baş verən itkilər barədə ətraflı məlumat verilib. Ermənistanın beynəlxalq hüququn normaları ilə bir araya sığmayan bu təcavüzkar hərəkətinin səbəblərinə diqqət cəlb olunub.
“Bəyan edirik ki, Ermənistanın bu hərəkətləri iki ölkə arasında münasibətlərin normallaşması və regionda sülhün bərqərar olması prosesinə uyğun gəlmir. Dünya birliyini Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü pisləməyə, belə təxribatların təkrarlanmaması naminə beynəlxalq səviyyədə əməli addımların atılması üçün səylərini artırmağa çağırırıq”, - deyə bəyanatda vurğulanıb.