ALMAN EKOLOQLARI SUMQAYITDA OLMUŞLAR
Almaniya Parlamentinin Dövlət katibi xanım Astrid Kluq başda olmaqla Almaniya Federal Ekologiya Nazirliyinin nümayəndə heyəti Sumqayıtda olmuşdur.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, şəhər icra hakimiyyətində qonaqlarla görüşdə Sumqayıtın və Xəzər akvatoriyasının ekoloji vəziyyəti ilə bağlı aktual məsələlər müzakirə edilmişdir. Görüşdə qeyd edilmişdir ki, Almaniyanın Lüdviqshafen şəhəri ilə Sumqayıt arasında möhkəm dostluq əlaqələri və tərəfdaşlıq münasibətləri mövcuddur. “Almaniya və Qafqazın tərəfdaş şəhərlərinin əməkdaşlığı” proqramı çərçivəsində Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) Bakı ofisi tərəfindən Sumqayıt şəhərində büdcəsi çox böyük olmayan bir neçə, o cümlədən ekoloji yönümlü layihənin həyata keçirildiyi vurğulanmışdır.
Sonra qonaqlar “ADES” Almaniya-Azərbaycan müştərək müəssisəsinə baş çəkmişlər. 1999-cu ildən uğurla fəaliyyət göstərən bu müəssisə bərk məişət tullantılarının toplanması, utilləşdirilməsi və basdırılması ilə məşğul olur. Baş direktor Qədir Dünyamalıyev qonaqları müəssisə ilə tanış edərək bildirmişdir ki, “ADES” Sumaqıytda, Bakıda və Abşeron rayonunda fəaliyyət göstərən 50-dən artıq müəssisəyə uğurla xidmət edir. Almaniyalı həmkarların texniki və təşkilati dəstəyi sayəsində indi “ADES” modernləşdirilmiş müasir müəssisəyə çevrilmişdir. Onun yaxşı təchiz olunmuş avtoparkında müasir avtomaşınlar və bir sıra başqa avadanlıq vardır.
Almaniyalı qonaqlar GTZ-nin Sumqayıtdakı bürosunda da olmuşlar.