DÜNYA
Almaniyada irqçilik əhvali-ruhiyyəsi genişlənir
Berlin, 5 sentyabr, AZƏRTAC
Son vaxtlar Almaniyada irqçilik təzahürləri güclənib. Almanların çoxu qaçqınlardan qorxur. Miqrasiya böhranına qədər çox da populyar olmayan sağçı-populist “Almaniya üçün alternativ” (AG) partiyası isə bu vəziyyətdən öz xeyrinə istifadə edir. Bu yaxınlarda aparılmış rəy sorğuları göstərib ki, ölkə əhalisinin 15 faizi AG partiyasını dəstəkləyir. Halbuki, Bundestaqa sonuncu seçkilərdə bu partiya 5 faizlik minimal həddi aşa bilmədiyi üçün parlamentdə təmsil oluna bilməmişdi. Bu gün isə vəziyyət başqadır: alman cəmiyyətində ksenofobiya güclənməyə başlayıb.
Almanların qaçqınlara münasibəti dəyişib. Əvvəlcə onlara kömək istəyənlər çoxluq təşkil etdiyi halda indi müəyyən qədər ehtiyatlılıq müşahidə olunur. Yeni il axşamı qadınlara hücumlar, Ansbaxda və Yurdtsburqda radikalların törətdiyi terror aktları almanlar arasında terror qorxusu yayıb. Hərçənd, hər iki terrorçu 2015-ci ilin sentyabrında sərhədlər açılandan xeyli əvvəl Almaniyaya gəlib, Yeni il gecəsində Kölndə qadınlara hücum edənlərin isə yalnız az bir qismi bu ölkəyə qaçqın kimi gələnlər olub.
“Alman dalğası” agentliyi yazır ki, İŞİD nəzarət edilməyən qaçqın axınından istifadə öz tərəfdarlarını Almaniyada yerləşdirib. Lakin sərhədlər bağlı qalsaydı, köməyə ehtiyacı olan yüz minlərlə insana kömək etmək mümkün olmazdı. Bütün şübhələrə baxmayaraq, almanların bu insanlara kömək etməyə hazır olması hələ də hiss olunur və onlar bunu keçən ilin payızından nümayiş etdirirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin