ALMANİYADA KREDİT İFLİCİ
Berlin, 23 iyul (AZƏRTAC). Almaniyada bankların hətta sabit işləyən müəssisələrə də kredit verilməsini getdikcə məhdudlaşdırması ölkənin siyasi və işgüzar dairələrində narahatlığı artırır. Həmin müəssisələr isə alternativ maliyyələşdirmə mənbələri axtarır.
Kredit iflici - əvvəllər əsasən bank mütəxəssislərinə məlum olan bu termin indi Almaniyada əhalinin geniş təbəqələrinə də tanışdır. Almaniya Federal Ticarət-Sənaye Palataları Birliyinin (DİHK) baş direktoru Martin Vansleben demişdir: “Hələlik ümumi kredit iflici yoxdur. Lakin kreditlər alınmasında çətinliklərlə üzləşən müəssisələrin sayı getdikcə artır”.
Bu vəziyyət Almaniyanın siyasi dairələrində də ciddi narahatlıq doğurmuşdur. Saar əyalətinin baş naziri Peter Müller demişdir: “Mənim fikrimcə, indi söz banklarındır. Biz onlara geniş miqyasda kömək göstərmişik, indi onlar cavab addımı atmalı və müəssisələrə kreditlər verməlidir”.
Banklar isə tamamilə haqlı olaraq cavab bildirir ki, yaxın keçmişdə məhz siyasətçilər bankları kəskin tənqid edir, onları kredit verilməsini hədsiz sadələşdirməkdə günahlandırırdılar. İndiki qlobal böhran da bunun nəticəsidir.
Əslində, hər iki tərəf haqlıdır. Siyasətçilər vergi ödəyicilərinin vəsaitlərini bankirlər üçün xilas etməmişlər ki, indi onlar “pul kisələrinin üstündə” əyləşib iqtisadiyyatı kredit vəsaitlərindən məhrum etsinlər. Necə deyərlər, ağızları süddən yanmış banklar isə bir daha riskə getmək istəmir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin