Almaniyada yaş senzi nədir?
Berlin, 6 sentyabr, AZƏRTAC
Almaniyada müəyyən bir fəaliyyət növü üçün “yetişmə” nə qədər tez baş verir?
AZƏRTAC bu ölkədə yaş senzi haqqında məlumat hazırlayıb.
Beləliklə, Almaniyada yetkinlik yaşı 18 yaşından başlayır. Seçkilərdə yalnız yetkinlik yaşına çatmış, yəni 18 yaşından iştirak etmək hüququ verilir. İndi siyasi dairələrdə seçki yaşının 16-ya qədər azaldılmasına dair müzakirələr aparılır.
Almaniya prezidentliyinə namizəd yalnız 40 yaşdan yuxarı şəxs ola bilər.
AFR-də sürücülük vəsiqəsini almağa 17 yaşında icazə verilsə də, bu zaman avtomobili yalnız böyüklərin müşayiəti ilə idarə etmək mümkündür. 18 yaşdan isə maşını müstəqil olaraq idarə etmək olar. Avtobus və yük maşını yalnız 21 yaşdan, bəzi nəqliyyat növləri isə 24 yaşından idarə oluna bilər. 16 yaşında yeniyetmələr xarici pasport və elektron şəxsiyyət vəsiqələrini əldə edə bilərlər. 24 yaşa qədər pasport hər 6 ildən, sonra hər 10 ildən bir dəyişdirilməlidir.
Almaniyada 14 yaşdan sonra cinayət məsuliyyəti nəzərdə tutulur. Bu yaşa qədər AFR qanunvericiliyi tərbiyəedici tədbirləri və ya zərərin ödənilməsi şəklində cəza nəzərdə tutur.
Almaniyada diskotekalara böyüklərin müşayiəti ilə 16 yaşdan, 18 yaşdan etibarən isə gecə klubları və kazinoları ziyarət etmək olar. 16 yaşadək Almaniyada it almaq üçün valideynlərin razılığı tələb olunur. Almaniyada 13 yaşından etibarən valideynlərin razılığı ilə pul qazanmaq olar. 15 yaşdan başlayaraq ildə 28 gündən çox, eləcə də istirahət və bayram günlərində işləmək qadağandır.
Vüqar Səyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin