MƏDƏNİYYƏT
Almaniyanın “3 SAT” telekanalında tarixi “İpək yolu”nun keçdiyi ölkələrə həsr olunmuş silsilə sənədli filmlər yayımlanmışdır
Berlin, 1 oktyabr (AZƏRTAC). Almaniyanın “3 SAT” telekanalında tarixi “İpək yolu” adlı silsilə verilişlər sırasında Azərbaycan haqqında sənədli film yayımlanmışdır.
Tarixi “İpək yolu”nun keçdiyi ölkələrin müasir vəziyyəti və tarixi-mədəni irsindən bəhs edən telelayihənin müəllifi Peter Qizlinq Azərbaycanda gördüklərini qısaca aşağıdakı sözlərlə ümumiləşdirmişdir: “Əsrarəngiz xalçaları, müalicəvi neft vannaları, böyük xammal ehtiyatı, məcburi köçkünləri və maraqlı məhəbbət əfsanələri olan ölkə”.
Azərbaycana səyahətin tarixi Şəki şəhəri ilə başlayır. Filmdə tarixi “İpək yolu”nun üzərində yerləşən mühüm məntəqələrdən biri olan Şəkinin tarixi abidələrinə nəzər yetirilir və şəhərin xalçaçılıq ənənələri haqqında geniş məlumat verilir. İpəkçilik fabrikinə baş çəkən müəllif P.Qizlinq bu müəssisənin keçmiş Sovet İttifaqında bu qəbildən ən böyük sənaye obyekti olduğunu, hazırda fabrikdə təxminən 900 toxucunun əllə pambıq və ipək xalçalar toxuduğunu və bununla ənənəvi xalçaçılıq irsini qoruduqlarını diqqətə çatdırmışdır.
Müəllif, eyni zamanda, əhalinin məişətində gördüyü özünəməxsus məqamlar haqqında da məlumat verir, çox bəyəndiyi təndir çörəyinin bişirilməsi prosesini tamaşaçılarla bölüşür.
Çəkiliş heyətinin Azərbaycan səfərinin növbəti dayanacağı Naftalan olmuşdur. Filmdə Naftalandakı məşhur müalicə kompleksindən bəhs olunur.
P.Qizlinqlə söhbət edən Naftalan Sağlamlıq Mərkəzinin baş həkimi Gültəkin Süleymanova Naftalan neftinin tarixindən bəhs etmiş, bu neftin müalicəvi tərkibinin hələ qədim zamanlardan bu ərazidən keçən karvanlara məlum olduğunu bildirmişdir.
Filmdə Naftalan neftinin revmatizm, artrit və psoriaz xəstəliklərinə qarşı təsirli müalicə vasitəsi olduğu xüsusi vurğulanmışdır.
Ekran əsərində buradakı müalicə prosedurlarının tamaşaçılar üçün çox yaxından təsviri canlandırılır və Naftalanda neftlə müalicə alan əcnəbi xəstələrin təəssüratları səsləndirilir.
Filmin yaradıcı heyəti daha sonra paytaxt Bakıya üz tutmuşdur. Bakının sürətli inkişafı və gündən-günə müasirləşən görünüşü haqqında məlumat verilir.
ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov P.Qizlinqlə söhbətində Azərbaycan ərazisinin 20 faizinin işğal altında olması, bir milyondan artıq qaçqın və məcburi köçkün faktının ölkənin inkişafına maneə yaratdığını bildirir.
Daha sonra Bakı şəhərinin turistlər tərəfindən ən çox ziyarət olunan gözəl guşələri, xüsusilə də İçərişəhər haqqında danışılır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin