REGİONLAR
Almaniyanın Azərbaycandakı səfiri Sumqayıtda alman əsirlərin qəbirlərini ziyarət edib
Sumqayıt, 15 noyabr, AZƏRTAC
Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Sumqayıtda alman əsirlərin dəfn edildiyi məzarlıqda olub. Mərasimdə diplomatla bərabər səfirliyin əməkdaşları, şəhər rəhbərliyi, müharibə veteranları da iştirak ediblər.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC–a bildirilib ki, məzarlıqda II Dünya müharibəsi zamanı əsir düşərək Sumqayıtda müxtəlif işlərdə çalışan və burada dəfn olunan alman əsgərlərinin xatirəsi anılıb. Mərasim iştirakçıları alman əsirlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, qəbirlərin üzərinə tər güllər düzüblər.
Şəhər icra hakimiyyəti başçısının müavini Teymur Səmədov Azərbaycan və alman xalqları arasında tarixi əlaqələrdən, Almaniya şirkətlərinin Sumqayıt şəhərindəki fəaliyyətindən danışıb. Ölkəmizdə olduğu kimi, Sumqayıt şəhərində də dinindən, dilindən, milliyyətindən asılı olmayaraq, hər kəsin qarşılıqlı hörmət şəraitində yaşadığı vurğulanıb.
Səfir Azərbaycan ilə Almaniya arasındakı əlaqələri yüksək qiymətləndirərək deyib: “Sumqayıt Almaniya üçün xüsusi əhəmiyyətə malik şəhərlərdəndir. Almaniyanın Lüdviqshafen şəhəri ilə Sumqayıt şəhəri arasında əməkdaşlıq mövcuddur. Kimya sənayesi sahəsində də Sumqayıtla əməkdaşlıq edirik. Bizim bu gün tarixin qara səhifələri ilə tanış olmaq imkanımız var. Həmçinin növbəti ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi də qeyd olunacaq”.
Diplomat bildirib ki, mübadilə proqramı çərçivəsində Almaniya məktəbliləri Sumqayıta gəlib azərbaycanlı ailələrin qonağı olublar. Onlar bu yolla Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.