ELM VƏ TƏHSİL
Almaniyanın Bakıdakı səfiri Azərbaycan Turizm İnstitutunda olmuşdur
Bakı, 2 dekabr (AZƏRTAC). Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvellen Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşdur.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə institutun inzibati binası ilə yaxından tanış olan səfir auditoriyalarda dərslərin gedişi ilə maraqlanmışdır.
Müəllim və tələbələrin iştirak etdikləri görüşdə bu ali təhsil müəssisəsinin rektoru, professor Cəfər Cəfərov institutun qazandığı uğurlardan, beynəlxalq əlaqələrindən danışmışdır.
H.Kvellen Almaniyada turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər, Azərbaycana gələn alman turistlərin sayı haqqında məlumat vermişdir. Diplomat, eyni zamanda, Almaniya ilə Azərbaycanın qarşılıqlı tarixi əlaqələrindən söhbət açmışdır.
Səfir demişdir ki, Azərbaycana səfər edən alman turistlər ətraf mühitin mühafizəsi məsələsinə xüsusi əhəmiyyət verirlər. Bu baxımdan Qafqaz dağlarının indiyədək toxunulmamış təbii gözəllikləri, landşaftı turistlərin diqqətini daha çox cəlb edir.
Azərbaycanda son vaxtlar turizmin inkişafı istiqamətində faydalı işlər görüldüyünü vurğulayan səfir Bakıda və bölgələrdə tikilməkdə olan beynəlxalq statuslu mehmanxana şəbəkələrini xüsusi qeyd etmişdir. O, bu cür mehmanxanalarda xidmət edən şəxslərin hazırlanması istiqamətində ATİ-nin peşə liseyi və məktəbinin yaradılması ilə bağlı uğurlu planlarını dəstəkləmişdir. Diplomat ATİ-də alman dilinin yüksək səviyyədə tədris olunmasına bundan sonra da lazımi kömək göstərəcəyini bildirmişdir.
Sonda səfirlik adından ATİ-nin kitabxana informasiya mərkəzinə qiymətli kitablar hədiyyə edilmişdir.