DÜNYA
Almaniyanın pensiya sistemində fırıldaqçılıq aşkar edilmişdir
Bakı, 17 avqust (AZƏRTAC). “The Local” saytının yaydığı məlumata görə, Almaniyada müavinətlərin ödənilməsində səhvlərə yol verildiyindən 150 min pensiyaçıya əlavə ödənişlər ediləcəkdir.
Federal Sığorta İdarəsindən verilən məlumata görə, həmin şəxslərin pensiyaları səhv hesablandığından onlar təqaüdlərini illərlə kəsirlə almışlar. Dövlət Agentliyi məsələ ilə bağlı iki sosial sığorta şirkətində yoxlamalar aparmışdır. Yoxlamaların nəticəsində 1200 dul qadının uşaqlara görə müavinətlərinin illərlə ödənilmədiyi aşkara çıxarılmışdır. Dövlət pensiya sistemində 26 min 45 araşdırma üzrə 7 min 992 pensiyaçıya əslində almalı olduğundan daha az təqaüd hesablandığı məlum olmuşdur.
Ümumilikdə təqaüdçülərə kəsir səbəbindən 19,4 milyon avro az pul ödənildiyi ortaya çıxmışdır.
Sosial ödəmələrdə də minlərlə qanun pozuntusuna yol verildiyi, ödəniş məbləğlərin düzgün hesablanmadığı üzə çıxmışdır. Bu araşdırma üzrə 147 mindən çox insana sosial ödəmələrin məbləğinin daha az hesablandığı, 4 min nəfərə isə əksinə məbləğin daha artıq hesablandığı məlum olmuşdur.
Qeyd edək ki, yoxlamalar ölkənin yalnız iki sosial sığorta şirkətində aparılmışdır. Yaxın vaxtlarda ölkə təqaüdçülərinin yarısından çoxunu əhatə edən 14 regional sığorta şirkətində də yoxlamalara başlanılacağı gözlənilir.