İQTİSADİYYAT
Almaniyanın xarici işlər naziri: Azərbaycan “Nabukko” layihəsinə qoşulacaqdır
Bakı, 18 noyabr (AZƏRTAC). “Nabukko” layihəsi üzrə danışıqlar sonda uğurla yekunlaşacaqdır. Layihənin həyata keçirilməsinə həm Türkmənistan, həm də Azərbaycan qoşulacaqdır.
AZƏRTAC “Deutsche Welle” portalına istinadla xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Quido Vestervelle bildirmişdir. Q.Vestervelle Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla bu ölkəyə səfəri zamanı “Nabukko” haqqında planları da müzakirə etmişdir.
Xatırladaq ki, “Nabukko” - Avropanın “Cənub dəhlizi” çərçivəsində aparıcı boru kəməri layihəsidir. 3 min 300 kilometrlik qaz kəməri dünyanın qaz ilə zəngin bölgələrini - Xəzər regionu, Orta Şərq və Misiri- Türkiyə və Avropanın istehlak bazarları ilə birləşdirəcəkdir.
Qeyd edək ki, “Nabukko” layihəsi Mərkəzi Asiya qazının Azərbaycan və Türkiyədən keçməklə Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyaya nəqlini nəzərdə tutur. Boru kəmərinin tikintisinə 2013-cü ildə başlanılması nəzərdə tutulmuşdur. Bu kəmər vasitəsilə ilk qaz nəqli isə 2017-ci ildə gözlənilir.