DÜNYA
Almatı vilayətindəki “Arkamkerqen” sərhəd zastavasında 14 əsgəri və meşəbəyini qətlə yetirmiş şəxsə ömürlük həbs cəzası verilmişdir
Astana, 12 dekabr (AZƏRTAC). Qazaxıstanın Taldı-Kurqan şəhər məhkəməsi bu il may ayının sonunda Almatı vilayətindəki “Arkamkerqen” sərhəd zastavasında 14 əsgər və 1 nəfər meşəbəyini qətlə yetirməkdə təqsirli bilinmiş Vladislav Çelaxı xüsusi rejimli həbsxanada saxlanmaqla ömürlük həbs cəzasına məhkum etmişdir.
Vladislav Çelax qəsdən adam öldürmə, oğurluq, silah qaçırılması, dövlət sirlərinin qanunsuz əldə olunması və yayılması, xidmət yerindən yayınma maddələri ilə günahkar bilinmişdir. Məhkəmə prosesində Vladislav Çelak əsgərləri və meşəbəyini qətlə yetirdiyini və zastavanı yandırdığını etiraf etmişdir. Yandırılmış əsgərlərin mobil telefonları və şəxsi əşyaları, o cümlədən komandirin odlu silahı da cinayətkarın üstündə olmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana