İQTİSADİYYAT
Almatıda metro tikintisi və bu sahədə problemlərlə bağlı beynəlxalq konfrans keçirilmişdir
Almatı, 10 iyun (AZƏRTAC). Almatı şəhərində “Metro” Beynəlxalq Assosiasiyasının nümayəndələri yerli həmkarları ilə birgə metro tikintisi və bu sahədə problemlərlə bağlı beynəlxalq konfrans keçirmişlər.
Tədbirdə Moskva, Sankt-Peterburq, Bakı, Xarkov, Tbilisi, Novosibirsk, Kazan, Kiyev, Samara, həmçinin yaxın xarici ölkələrdə olan metropoliten və metro tikintisi idarələrinin rəhbərləri və nümayəndələri, layihəçilər, metro avadanlığı istehsal edən müəssisələrin başçıları iştirak etmişlər.
Konfransda təcrübə mübadiləsi aparılmış, yeni texnika və texnologiyanın tətbiqi, sərnişinlərin təhlükəsizliyinin təmin olunması, o cümlədən ventilyasiya və siqnalizasiya sistemlərinin günün tələbləri səviyyəsində qurulması və digər məsələlər müzakirə edilmişdir.
İştirakçılar hələ istifadəyə verilməmiş Almatı metropoliteni, buradakı yeni texnika və texnologiya ilə tanış olmuşlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı