İQTİSADİYYAT
Alternativ enerji mənbələrinin əhəmiyyətindən danışılmışdır
Bakı, 19 dekabr (AZƏRTAC). Naxçıvan Dövlət Universitetində (NDU) Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikovun “Respublikada alternativ enerji mənbələri” mövzusunda mühazirəsi dinlənilmişdir.
NDU-un mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, memarlıq və mühəndislik fakültəsinin müəllim və tələbələri üçün nəzərdə tutulmuş mühazirədə külək, günəş, hidroenergetika, geotermal alternativ enerji mənbələrinin əhəmiyyətindən bəhs olunmuşdu.
Məruzədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin son illər bu istiqamətdə gördüyü işlərdən də danışılmışdır. C.Məlikov mühazirədə muxtar respublikasının Ordubad rayonu ərazisindəki Gilançay üzərində 20 meqavat gücə malik Biləv Su Elektrik Stansiyasının istifadəyə verilməsinin, Şərur rayonunda 20,5 meqavat gücündə yeni Arpaçay Su Elektrik Stansiyasının tikilməsinin, Ordubad və Culfa rayonlarının düzənlik ərazilərində külək elektrik qurğuları quraşdırılmasının mümkünlüyündən danışmışdır. Bildirilmişdir ki, muxtar respublikanın enerjiyə olan tələbatının təxminən yarısını alternativ enerji mənbələri hesabına ödəmək olar.
Sonda məruzəçi mövzu ilə bağlı sualları cavablandırdı.