İQTİSADİYYAT
Altı ayda ərazi vergi orqanları dövlət büdcəsinə 320,9 milyon manat vəsait ödəyib
Bakı, 3 avqust, AZƏRTAC
2018-ci ilin ilk yarısında ölkəmizdə ümumilikdə 67 min, o cümlədən 58 min daimi iş yeri yaradılıb. Onların təxminən 70 faizi regionların payına düşüb ki, bu da bölgələrdə işgüzar mühitin göstəricisi olmaqla yanaşı, vergi daxilolmalarının artımına da mühüm təsir göstərib.
AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, cari ilin ilk altı ayında ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 320,9 milyon manat vəsait daxil olub. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,6 faiz çox deməkdir.
Qeyd olunub ki, birinci yarımillikdə dövlət büdcəsinə ödənilən vergilərin 242,1 milyon manatı və ya 75,4 faizi qeyri-dövlət sektoruna aiddir. Dövlət sektorunun payı isə 24,6 faiz (78,8 milyon manat) təşkil edib.