İQTİSADİYYAT
Altıncı Astana İqtisadi Forumu və Dünya Antiböhran Konfransı başa çatmışdır
Astana, 25 may (AZƏRTAC). Qazaxıstanın paytaxtında keçirilən VI Astana İqtisadi Forumu (AİF) və Dünya Antiböhran Konfransı (DAK) başa çatmışdır.
Forum və konfrans çərçivəsində təşkil olunmuş 40-dan çox sessiya, konfrans və simpoziumda sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların təmsilçiləri, Nobel mükafatı laureatları, tanınmış ictimai-siyasi xadimlər, jurnalistlər iştirak etmişlər.
Azərbaycanı bu tədbirlərdə iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, Mərkəzi Bankın idarə heyətinin sədrinin müavini Xaqani Abdullayev, həmçinin iqtisadçı alimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil etmişlər.
BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini U.Xunbo Forumun başa çatması ilə əlaqədar keçirilən mətbuat konfransında tədbirlərin yüksək səviyyədə təşkilinə görə Qazaxıstan Prezidentinə və qazax xalqına minnətdarlıq etmişdir.
Qazaxıstan parlamenti Senatının deputatı Serik Noqerbekov bildirmişdir ki, AİF-da dünyanın 132 ölkəsindən gəlmiş 12 mindən artıq nümayəndə iştirak etmişdir. DAK-a isə 100 dövlətin nümayəndəsi qatılmışdır. AİF çərçivəsində 2,7 milyard ABŞ dolları dəyərində 80 saziş və memorandum imzalanmışdır. Forumda iştirak edən Nobel mükafatı laureatları Astana universitetlərində mühazirə oxumuşlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Astana