DÜNYA
Alyaskada afterşoklar davam edir
Vaşinqton, 3 dekabr, AZƏRTAC
Ankoric şəhərinin yaxınlığında yeddi bal gücündə zəlzələdən iki gün keçməsinə baxmayaraq, Alyaskada yeraltı təkanlar hələ də davam edir.
AZƏRTAC xəbər verir ki, Alyaskada sonuncu güclü zəlzələ 2014-cü ildə Siçovul adalarında qeydə alınıb. Rəsmi məlumata görə, həmin zəlzələnin gücü Rixter cədvəli üzrə 7,9 bal olmuşdu. Bu dəfə isə ABŞ Geoloji Xidmətinin bazar günü axşam elan edilmiş məlumatına görə, Ankoric şəhərinin yaxınlığında hər birinin gücü 3 bal və daha yuxarı olan 166 afterşok qeydə alınıb.
Xidmətin geofiziki Bred Aqaardın sözlərinə görə, afterşoklar yetərincə güclü olub və Ankoric sakinləri yeraltı təkanları hiss ediblər. Məlumata görə, gücü 1 bal həddində olan azı 1406 afterşok qeydə alınıb.
Bred Aqaard ABŞ Geoloji Xidmətinin proqnozlarına istinadla bildirib ki, gələn həftə 3 bal gücündə afterşokların sayı 84-610 həddində olacaq. O daha sonra bildirib ki, afterşokların sayı tədricən azalacaq.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton