CƏMİYYƏT
“Amal” firmasına məxsus istifadə müddəti saxtalaşdırılmış dovğa dövriyyədən çıxarılıb
Bakı, 29 noyabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumat əsasında Bakının Xəzər rayonunda Mərdəkan qəsəbəsində fəaliyyət göstərən “Xəzər” marketdə monitorinq keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı marketdə “Amal” firmasına məxsus saxlama müddəti ötmüş “Amal” əmtəə nişanlı dovğanın istehsal və istifadə müddətinin xüsusi ağardıcı vasitələrdən istifadə edilərək dəyişdirilməsi və saxtalaşdırılaraq satışının həyata keçirildiyi aşkarlanıb.
İstehsalçıya həmin məhsulların ticarət şəbəkələrindən dərhal geri çağırılması ilə bağlı göstəriş verilib. “Xəzər” marketdən, eləcə də digər ticarət şəbəkələrindən geri çağırılan məhsullar agentliyin əməkdaşlarının iştirakı ilə məhv edilib. İstehsalçı firmaya qarşı qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.