DÜNYA
“Amazon” bazar dəyərinə görə “Microsoft” kompaniyasını qabaqlayıb
Bakı, 15 fevral, AZƏRTAC
Fevralın 14-də keçirilən hərracın nəticələrinə əsasən, “Amazon” kompaniyasının bazar qiyməti 702 milyard dollar həcmində müəyyən edilib, onun səhmləri 2,6 faiz bahalaşaraq ilk dəfə “Microsoft” kompaniyasının analoji göstəricisini üstələyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda “Amazon.com Inc” yalnız “Apple” və “Alphabet” kompaniyalarından geri qalaraq, ABŞ-ın ictimai şirkətləri arasında üçüncü mövqedə qərarlaşıb. “Amazon”un səhmləri sessiyanın sonunadək 2,6 faiz bahalaşıb və bir ədədinin qiyməti 1451,05 dollara çatıb. Eyni zamanda, 669,3 milyard dollarlıq kapitalla dördüncü pilləyə enən “Microsoft” şirkətinin səhmlərinin dəyəri 90,81 dollar təşkil edib. Onun ardınca isə Çinin “Tencent” və ABŞ-ın “Facebook” kompaniyaları gəlir.
Ötən ilin nəticələrinə əsasən, “Amazon”un bazar dəyərinin 73 faiz artması sayəsində kompaniyanın rəhbəri Ceff Bezos “Microsoft” kompaniyasının yaradıcılarından biri Bill Qeytsi qabaqlayaraq dünyanın ən zəngin insanına çevrilib. Ötən il “Microsoft”un dəyəri də 41 faiz artıb.