DÜNYA
“Amazon” şirkəti ilkin tibbi xidmətlər təqdim edən “One Medical” şirkətini 3,9 milyard dollara alacaq
Vaşinqton, 25 iyul, AZƏRTAC
“Amazon” şirkəti ilkin tibbi xidmətlər təqdim edən “One Medical” şirkətini 3,9 milyard dollara alacaq. Bu sövdələşmə “Amazon” şirkətinin tibbi xidmətlər sahəsində fəaliyyətini genişlənməsini göstərən daha bir fakt olacaq.
AZƏRTAC xəbər verir ki, “Amazon” nümayəndələrinin sözlərinə görə, bu şirkət “One Medical”ın səhmlərinin birini 18 dollara alacaq. Bu sövdə “Amazon” şirkətinin ən iri alışlarından biri olacaq. “Amazon” 2017-ci ildə “Whole Foods” şirkətini 13,7 milyard dollara, cari ilin əvvəlində isə MGM Hollivud studiyasını 8,5 milyard dollara almış alıb.
“Ana şirkəti” San-Fransiskoda yerləşən “1Life Healthcare, Inc.” şirkəti olan “One Medical” üzvlük əsasında virtual yardım xidmətlərini və tibbi mütəxəssislərin çağırışa gəlməsini təklif edir. İlkin tibbi xidmətlər təchizatçısı səhiyyə sahəsində 8.000-dən çox şirkətlə əməkdaşlıq edir. Bu ilin mart ayına olan məlumata görə, “One Medical” şirkətinin 767 minə yaxın üzvü və 188 tibbi ofisi var. İlin birinci rübü üzrə gəlirlər və zərərlər haqqında hesabata görə, 254,1 milyon dollar gəlir əldə etmiş şirkət eyni müddətdə 90,9 milyon dollar ziyana düşüb.
AZƏRTAC -ın Vaşinqton bürosu