ELM VƏ TƏHSİL
AMEA-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı tədbirlər planı hazırlanır
Bakı, 23 noyabr, AZƏRTAC
“Akademik Zərifə Əliyeva ötən əsrdə Azərbaycanda qadın ziyalılarının aparıcı qüvvəsi olub, hər zaman öz zəngin dünyagörüşü və baxışı ilə fərqlənib və əsərləri bir çox xarici dillərə tərcümə olunaraq yeni oftalmoloq mütəxəssislərin yetişməsinə töhfə olub”.
Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətinin növbəti iclasında Azərbaycan Respublikası Prezidentinin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2022-ci il 3 noyabr tarixli Sərəncamının icrası barədə məsələnin müzakirəsi zamanı deyib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, akademik İsa Həbibbəyli görkəmli oftalmoloq alim və ictimai xadim akademik Zərifə Əliyevanın ölkəmizdə göz xəstəliklərinin diaqnostika və müalicəsindəki mühüm xidmətlərindən söz açıb. Diqqətə çatdırıb ki, Zərifə Əliyeva gözün peşə və irsi xəstəliklərinə, sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə dair fundamental tədqiqatlar aparıb.
Görkəmli alimin yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verən AMEA rəhbəri akademik Zərifə Əliyevanın 100 illiyi ilə əlaqədar Biologiya və Tibb Elmləri Bölməsində beynəlxalq konfransın keçiriləcəyini, yetişdirdiyi mütəxəssislərin tədbirə çağırılacağını, onun zəngin həyatı və yaradıcılığını əks etdirən kollektiv monoqrafiyanın hazırlanacağını, Fiziologiya İnstitutunda Zərifə Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yaradılan laboratoriyanın maddi-texniki bazasının yaxşılaşdırılmasına dəstək veriləcəyini diqqətə çatdırıb.
Daha sonra Rəyasət Heyəti tərəfindən AMEA-da akademik Zərifə Əliyevanın 100 illiyinin qeyd edilməsi üzrə tədbirlər planının hazırlanması və həyata keçirilməsi ilə əlaqədar olaraq akademik İsa Həbibbəylinin sədrliyi ilə komissiya yaradılıb.