ELM VƏ TƏHSİL
AMEA-da aparılan islahatlar gənc alimlərin dünya elminə inteqrasiyasına geniş imkanlar yaradacaqdır
Bakı, 19 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) dünyanın aparıcı elmi-tədqiqat institut və mərkəzləri, nüfuzlu universitetlərlə əməkdaşlıq əlaqələrinin, innovativ bilik və təcrübə mübadiləsinin genişləndirilməsi məsələlərinə xüsusi önəm verir.
AZƏRTAC xəbər verir ki, bu barədə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İnformasiya Texnologiyaları İnstitutunda keçirilmiş səyyar iclasında danışılmışdır.
AMEA-nın akademik-katibi, institutun direktoru Rasim Əliquliyev dövlətimizin başçısı İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələri, akademiyada aparılan islahatların əsas hədəflərindən birinin gənclər siyasətinin yenidən qurulması olduğunu diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, AMEA-da aparılan islahatlar gənc alimlərin dünya elminə inteqrasiyasına geniş imkanlar yaradacaqdır.
AMEA-nın prezidenti, akademik Akif Əlizadənin tövsiyə və təkliflərini şura üzvlərinə çatdıran R.Əliquliyev bildirmişdir ki, gənclərin sosiallaşmasına, onların elmi əməkdaşlıq və qarşılıqlı ünsiyyətinə xidmət edən mühit yaradılmasına nail olmaq akademiya rəhbərliyinin əsas məqsədlərindən biridir.
Tədbirdə çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov son dövrlərdə gənclərə göstərilən qayğı və diqqətdən, şuranın həyata keçirdiyi müxtəlif layihə və proqramlardan danışmışdır. Məlumat verilmişdir ki, regionlarda elmin təbliği, beynəlxalq əlaqələrin inkişafı, konfrans və elmi simpoziumların təşkili, gənc alimlərin elmi fəaliyyət və nailiyyətlərinin ictimailəşdirilməsi hazırda prioritet istiqamətlərdir.
İclasda şuranın illik fəaliyyət planı müzakirə olunmuş, İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış “Gənc alim" analitik-informasiya sisteminin təqdimatı keçirilmişdir.