ELM VƏ TƏHSİL
AMEA-da “Qurtuluşdan Qarabağa gedən yol: qadın alimlərin əsərlərində” mövzusunda seminar
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da AMEA-nın Qadınlar Şurası və Rəyasət Heyətinin Elmi İrs Mərkəzinin birgə təşkilatçılığı ilə “Qurtuluşdan Qarabağa gedən yol: qadın alimlərin əsərlərində” mövzusunda ictimai-elmi seminar keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Qarabağ və Şuşaya həsr olunmuş kitabların sərgisi ilə tanış olublar.
AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli seminarın “Şuşa İli”nə həsr olunan silsilə tədbirlər sırasından olduğunu vurğulayıb.
“Milli qurtuluşdan başlanan yol xalqımızı tarixi Qələbə gününə qədər apardı”, - deyən akademik Birinci Qarabağ müharibəsi dövründə baş verən uğursuzluqların səbəblərinə diqqət çəkib, müharibədə məğlubiyyətin həmin dövrdə hakimiyyətdə gedən çəkişmələrlə bağlı olduğunu vurğulayıb. O, ulu öndər Heydər Əliyevin siyasi rəhbərliyə qayıdışından sonra Azərbaycanın iqtisadi tənəzzülə uğramaqdan xilas olduğunu, ordu quruculuğu sahəsində əhəmiyyətli tədbirlər görüldüyünü bildirib. İsa Həbibbəyli Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ümummilli Liderin atdığı sağlam iqtisadi təməllər üzərində qurulan dövlət siyasətini daha da inkişaf etdirdiyini, ordumuzu dünyanın ən qüdrətli ordularından birinə çevirdiyini vurğulayıb.
AMEA-nın vitse-prezident qeyd edib ki, ölkəmiz dövlət başçısının qətiyyəti, uzaqgörən siyasəti, apardığı ideoloji müharibə, ordumuzun güc-qüdrəti, Azərbaycan və Türkiyənin dövlətlərarası strateji müttəfiqliyi ilə nail olunan Zəfər sevincini yaşayır. Uzun illərdən bəri dərin intizarla gözlədiyimiz bu Qələbə, eyni zamanda, Azərbaycanın erməni işğalçıları tərəfindən pozulan ərazi bütövlüyünün bərpasının təsdiqidir.
Akademik İsa Həbibbəyli AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsində bu istiqamətdə tədqiqatlar aparıldığını deyərək, seminar çərçivəsində təşkil olunan sərgidə bu tədqiqatların nəticələrinin nümayiş olunduğunu diqqətə çatdırıb.
Tədbirdə AMEA Rəyasət Heyətinin Elmi İrs Mərkəzinin rəhbəri dosent Zemfira Hacıyeva Qarabağla bağlı əsərlərin ərsəyə gəlməsində, xalqımızın milli-mədəni irsinin qorunub saxlanılmasında qadın alimlərimizin böyük rolu olduğunu deyib. O, müvafiq istiqamətdə Mərkəzin fəaliyyətindən danışıb, həmçinin müəllifi olduğu “Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu” əsəri barədə məlumat verib.
AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə tariximizdə xüsusi yeri olan Milli Qurtuluş Gününün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğunu söyləyib. Qeyd edib ki, 1993-cü il iyunun 15-də Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Sərgidə nümayiş olunan kitabların önəmini qeyd edən Rəna Mirzəzadə bu elmi əsərlərin qurtuluşdan bu günə qədər Qarabağın keçdiyi keşməkeşli yolu əks etdirdiyini bildirib, onları Azərbaycan xalqının öz tarixinə və milli kimliyinə sahib çıxmasının sübutu kimi dəyərləndirib. Tarixdə Azərbaycan qadınının rolundan söz açan Rəna Mirzəzadə bəşəriyyətin inkişafına töhfələr vermək üçün qadınlarımızın geniş potensiala, bacarığa və ali keyfiyyətlərə malik olduqlarını əməli işləri ilə sübuta yetirdiklərini vurğulayıb.
Sankt-Peterburq Universitetinin Şərqşünaslıq fakültəsinin dosenti Akif Fərzəliyev Qarabağın tarixi coğrafiyasını, etnik tərkibini, onun ətrafında baş vermiş siyasi hadisələri, o cümlədən Azərbaycanın bu gözəl guşəsində tikilib ucaldılan milli abidələrimizi, Qarabağ xanları tərəfindən yeni salınmış yaşayış məskənlərini geniş şəkildə əhatə edən “Qarabağnamə”lər kitabının ərsəyə gəlməsindən danışıb.
Seminarda AMEA Azad Həmkarlar Təşkilatının sədri Habil Qurbanov və AMEA Tarix İnstitutunun baş direktoru Kərim Şükürov ölkəmizin İkinci Qarabağ müharibəsində qazandığı uğurlardan bəhs edib, Fizika İnstitutunun böyük elmi işçisi Suma Sakitqızı şəhidlərimizə ithaf etdiyi “Fatehlər: Sabirabad şəhidləri” kitabının ərsəyə gəlməsindən danışıb, dosent Mərziyyə Nəcəfova isə bu günədək Şuşanın azadlıq sevincini əks etdirən yüzlərcə şeirlərin yazıldığını vurğulayıb.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Səma isə qardaşı Afiq Qasımovun Vətən müharibəsi uğrunda gedən döyüşlərdə ön sıralarda iştirakından, eləcə də xüsusi qəhrəmanlıqlar göstərmiş hərbçilərimizin şərəfli döyüş yollarından bəhs edib. O, Azərbaycan xalqına Qələbə sevinci yaşadan bütün döyüşçülərimizə ithaf etdiyi “Şuşa” şeirini səsləndirib.