ELM VƏ TƏHSİL
AMEA-da tədbir: Azərbaycanda həyat keyfiyyəti – iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların reytinqi
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də AMEA-nın İqtisadiyyat İnstitutunda “Azərbaycanda həyat keyfiyyəti - 2018: iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların reytinqi” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkəmizdə elmin və müxtəlif sahələrin inkişafında akademiyanın müxtəlif institutlarında aparılan tədqiqat işlərindən, həyata keçirilən layihələrdən söz açıb. Bildirib ki, müxtəlif sahələr üzrə aparılan tədqiqatların əksəriyyəti ölkəmizdə əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə, regionların iqtisadi inkişafına xidmət edir. AMEA-da son zamanlar aparılan islahatlar ölkədə gedən dövlət quruculuğu prosesinə, müxtəlif sahələrdəki inkişafa dəstək verir.
Akademik bildirib ki, AMEA rəhbərliyi Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən aparılan islahatlara dəstək verilməsi məqsədilə Humanitar və İctimai Elmlər bölmələri qarşısında da vəzifələr qoyub. Ölkə rəhbərinin “Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncamından irəli gələrək həm ölkə daxilində, həm də xaricdə fəaliyyət göstərən sahibkarların müraciətləri əsasında rezidentlər müəyyən olunub: “Onlar iqtisadi proseslərə dəstək vermək məqsədilə ölkəmizin sosial-iqtisadi inkişafının xüsusiyyətlərinə uyğun olaraq AMEA-da müxtəlif istiqamətlər üzrə işlərin aparılmasında yaxından iştirak edirlər”.
AMEA-nın vitse-prezidenti “Elm haqqında” Azərbaycan Respublikası Qanununa sahibkarlıq üçün geniş imkanların açılmasına imkan verən xüsusi maddənin əlavə olunduğunu, eyni zamanda, Azərbaycanda sosial-iqtisadi inkişafı istiqamətləndirən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə elmin bu sahəyə dəstəyi məsələlərinə yer ayrıldığını qeyd edərək bu istiqamətdə alimlərimizin üzərinə böyük vəzifələr düşdüyünü vurğulayıb.
Akademik AMEA alimləri tərəfindən yerli xammal əsasında kimyəvi tərkibi olmayan gübrə istehsal edildiyini, daha keyfiyyətli və səmərəli işıq lampaları hazırlandığını, dronların elektron sxeminin qurulduğunu, nəqliyyatda istifadə olunan ekoloji təmiz məhsullar istehsal olunduğunu və s. işlər görüldüyünü diqqətə çatdırıb.
İqtisadi sahədə də fundamental tədqiqatların nəticələrinin tətbiq olunmasının zəruriliyi məsələsinə toxunan akademik AMEA-nın İqtisadiyyat İnstitutunun ölkənin bank-maliyyə bazarının tənzimlənməsi ilə bağlı müvafiq sektorun nümayəndələri ilə birgə layihələr həyata keçirdiyini vurğulayıb.
İsa Həbibbəyli İqtisadiyyat İnstitutunda fundamental tədqiqatlarla yanaşı, tətbiqi xarakterli elmi işlərin aparılmasının əhəmiyyətini qeyd edib. Bildirib ki, ölkənin həyat keyfiyyətini müəyyən etmək meyarları aparılan müzakirələr zamanı daha da konkretləşdirilməli, elmiləşdirilməli və təkmilləşdirilməlidir. İqtisadiyyat İnstitutunun Azərbaycanda cəmiyyət quruculuğu, sosial-iqtisadi inkişafın sürətlənməsi və regionların inkişaf etdirilməsinə dair həyata keçirdiyi işlər faydalıdır.
Akademik İ.Həbibbəyli AMEA-da əhalinin sosial müdafiəsinin daha səmərəli təşkili ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə işlər icra olunduğunu da əlavə edib.
Sonra iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov “Azərbaycanda həyat keyfiyyəti - 2018: iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların reytinqi” mövzusunda təqdimatla çıxış edib. Məruzədə Azərbaycanın iqtisadi rayonlarında, respublika tabeli şəhərlərində və inzibati rayonlarında həyat keyfiyyətini müqayisəli şəkildə qiymətləndirmək məqsədilə AMEA-nın İqtisadiyyat İnstitutunda yerinə yetirilmiş kompleks tədqiqatın nəticələri təqdim olunub.
Qeyd edilib ki, qiymətləndirmələr institutun mütəxəssisləri tərəfindən hazırlanmış Həyat Keyfiyyəti İndeksi (HKİ) əsasında aparılıb. Araşdırma ölkənin 8 iqtisadi rayonunu, həmin regionlara daxil olan 61 respublika tabeli şəhəri və inzibati rayonu əhatə edir. Bu tipli bölgələrarası müqayisəli tədqiqatlar mühüm elmi məsələlərin həllinə kömək etməklə yanaşı, ciddi praktik əhəmiyyət daşıyır. Onların nəticələri regionların sosial-iqtisadi inkişafı ilə bağlı praktik idarəetmə qərarlarının qəbulunda, o cümlədən ayrı-ayrı bölgələrdə iqtisadiyyatın üstün templərlə inkişafı dəstəklənərkən, sosial-iqtisadi proqramlar tərtib edilərkən, müxtəlif rayonların inkişafına əlavə dövlət vəsaitləri ayrılarkən faydalı ola bilər. AMEA İqtisadiyyat İnstitutu ümid edir ki, Azərbaycanın iqtisadi rayonlarının, respublika tabeli şəhərlərinin və inzibati rayonlarının həyat keyfiyyəti üzrə reytinqi dövlət idarəetmə orqanları və ekspert icması tərəfindən maraqla qarşılanacaq və fəal ictimai müzakirələrə mövzu verəcək.
Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov, Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli, AMEA-nın müxbir üzvü Qorxmaz İmanov, dosentlər Mayis Gülalıyev, Cəlil Quliyev və digər çıxış edənlər Azərbaycanda həyat səviyyəsinin iqtisadi sosial, xüsusilə regional qiymətləndirilməsinin vacibliyini vurğulayıb, yerinə yetirilmiş tədqiqat işini yüksək dəyərləndiriblər. Çıxış edənlər ölkəmizdə iqtisadi inkişaf və sosial həyatla bağlı əsas məsələləri diqqətə çatdırıblar. Qeyd edilib ki, ölkənin davamlı iqtisadi inkişafına nail olmaq üçün vacib amillərdən biri də müxtəlif dövlət qurumları ilə birgə tədqiqatların aparılmasıdır.
Tədqiqatın nəticələri “Azərbaycanda həyat keyfiyyəti - 2018: iqtisadi rayonların, respublika tabeli şəhərlərin və inzibati rayonların reytinqi” adlı kitab şəklində nəşr olunub.