ELM VƏ TƏHSİL
AMEA İNFORMASİYA TEXNOLOGİYALARI İNSTİTUTUNUN FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun birillik fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
İnstitutun direktoru, AMEA–nın müxbir üzvü Rasim Əliquliyev hesabat məruzəsində rəhbərlik etdiyi elm müəssisəsinin informasiya cəmiyyətinin inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramları və qanunlardan irəli gələn məsələlərin həllində bilavasitə iştirakından ətraflı bəhs etmişdir. Bildirmişdir ki, “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində institutun qarşısına qoyulan məsələlərin həlli istiqamətində informasiya cəmiyyətinin elmi-nəzəri əsaslarının tədqiqi, intellektual korporativ şəbəkə və sistemlərin yaradılması, internet mühitində etibarlı və təhlükəsiz elektron idarəetmə (e-hökumət, e-bələdiyyə və s.) texnologiyalarının işlənilməsi sahəsində mühüm elmi nəticələr əldə olunmuşdur.
İnstitutun elmi-tədqiqat fəaliyyəti barədə geniş məlumat verən R. Əliquliyev informasiya-hesablama texnologiyasının problemləri, informasiya-kommunikasiya texnologiyaları, informasiya resurslarının formalaşdırılması və yadda saxlanılması, audioinformasiya texnologiyaları, hərbi informatika, coğrafi informasiya texnologiyaları, multimedia informasiya texnologiyaları, informasiya təhlükəsizliyinin elmi-texnoloji problemləri, linqvistik informasiya texnologiyaları və digər məsələlərin həlli istiqamətində institutda görülən işləri nəzərə çatdırmişdır. Natiq institutda “İnformasiya cəmiyyəti istiqaməti” üzrə təhsil proseslərinin informasiyalaşdırılması, informasiya iqtisadiyyatı problemləri üzrə aparılan tədqiqatlar barədə də məlumat vermişdir.
R.Əliquliyev institut əməkdaşlarının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində “Elektron Azərbaycan” Dövlət Proqramının icrasını təmin etmək məqsədi ilə yaradılmış Əlaqələndirici Şurada və istiqamətlər üzrə yaradılmış işçi qruplarının tərkibində fəaliyyət göstərdiyini söyləmişdir.
İnstitutun elmi-pedaqoji fəaliyyəti, www.science.az portalının fəaliyyəti haqqında məlumat verən R.Əliquliyev institut əməkdaşları tərəfindən beynəlxalq səviyyəli elmi konfranslara və simpoziumlara 17, respublika səviyyəli müvafiq tədbirlərə 100 tezis və məruzə təqdim edildiyini vurğulamışdır.
2007-ci hesabat ili ərzində institut əməkdaşlarının xaricdə nəşr olunan elmi jurnallarda 41, respublikada isə 17 məqaləsinin dərc edildiyini nəzərə çatdıran R. Əliquliyev, həmçinin, elmi-texniki informasiya təminatı, elmi-praktiki nəticələrin təbliği və reklam-marketinq işləri, elmi-təşkilati işlər və tədbirlər, əldə edilən mühüm elmi nəticələr haqqında da geniş məlumat vermişdir. O, institutda 1.542 aspirant və dissertantın informatika üzrə namizədlik imtahanı verdiyini söyləmişdir.