ELM VƏ TƏHSİL
AMEA-nın alimləri neftlə çirklənmiş torpaqların təbii yolla təmizlənməsi istiqamətində tədqiqatlar aparırlar
Bakı, 4 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri neftlə çirklənmiş torpaqların bitki, mikroorqanizm və onurğasızların vasitəsi ilə təmizlənməsi metodunu işləyib hazırlamışlar.
Müəyyən edilmişdir ki, ot bitkilərindən pencər, yarğanotu, adi yovşan, dəvətikanı, sürünən ayrıq, onurğasızlardan soxulcan kimi tanınan yağış qurdu, mikroorqanizmlərdən isə bəzi bakteriyalar və maya göbələkləri torpaqda ağır metal zərrəciklərini və radionuklidləri toplaya bilir.
AMEA rəyasət heyəti mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bu istiqamətdə tədqiqatlar Botanika, Radiasiya Problemləri və Mikrobiologiya institutları tərəfindən “Abşeronun texnogen çirklənmiş torpaqlarının təmizlənməsi üsullarının işlənilib hazırlanması” layihəsi çərçivəsində həyata keçirilir.
Üçillik layihə Ukrayna Elm və Texnologiya Mərkəzinin 183 min avroluq qrant dəstəyi ilə icra olunur və bu il başa çatır.
Layihənin rəhbəri, Botanika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov bildirmişdir ki, tədqiqatlarda məqsəd bu tip torpaqların əkin sahələri və çəmənliklər üçün yararlı hala gətirilməsidir.