ELM VƏ TƏHSİL
AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi şurasının hesabatı açıqlanmışdır
Bakı, 29 dekabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu 2013-ci il üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında hesabatını açıqlamışdır.
İnstitutun elmi şurasından verilən məlumata əsasən, ümumilikdə, il ərzində şuranın 11 iclası keçirilmişdir.
İnstitutun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, iclasda elmi işçilərin məruzələri, elmi-tədqiqat işlərinin planları, şöbələrin və institutun illik hesabatları dinlənilmişdir. Kadr hazırlığı, dissertanturada vəziyyət, elmi adların verilməsi, institutun strukturu, elmi şuranın tərkibi ilə bağlı məsələlər və monoqrafiyalar müzakirə edilmişdir. Attestasiya və vakant yerlərə elan olunmuş müsabiqələrin nəticələri təsdiq olunmuşdur.
İnstitutun gənc alimləri ilə görüş, onları narahat edən problemlərin həlli elmi şura iclaslarının gündəliyində əsas məsələ olmuşdur. “Azərbaycan fəlsəfə tarixi”nin növbəti cildlərinin hazırlanması və Azərbaycan dilində nəşrinə hazırlıqla bağlı məsələ iclasın müzakirəsinə çıxarılmışdır.
Ötən illərlə müqayisədə bu il keçirilən iclaslarda cari məsələlərlə yanaşı, dövlət əhəmiyyətli sənədlərin, ən aktual problemlərin müzakirəsinə də yer verilmişdir. Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanların, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, Dövlət Proqramlarının icrası ilə bağlı məsələlərə baxılmışdır.