ELM VƏ TƏHSİL
AMEA–NIN FİZİKA–RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİNİN İCLASI KEÇİRİLMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) iclası keçirilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, iclası giriş sözü ilə AMEA FRTEB-in akademik-katibi, akademik Akif Hacıyev açmışdır.
AMEA-nın Elmi-Tədqiqat, Təcrübi-Konstruktor İşlərinin və Müdafiə Olunmuş Dissertasiyaların Dövlət Qeydiyyatı Mərkəzinin direktoru, professor Fərman Qasımov mərkəzdə informasiya əhəmiyyətli məlumatların qeydiyyatı haqqında məlumat vermiş və təklif etmişdir ki, DQM-in adı dəyişdirilərək Elmi-Tədqiqat İşlərinin və İnnovasiya Texnologiyalarının Dövlət Qeydiyyatı Agentliyi adlandırılsın. O, gələcəkdə agentliyin əsas vəzifəsinin respublikamızda həyata keçirilən elmi-tədqiqat işlərinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ olunması məqsədi ilə innovativ texnoloji bazanın yaradılması və digər dövlətlərin təcrübəsindən bəhrələnməsindən ibarət olduğunu söyləmişdir.
İclasda akademiklər Telman Əliyev və Fikrət Əliyev, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev və başqaları çıxış etmiş, müzakirələr aparmışlar.