MƏDƏNİYYƏT
AMEA-nın Folklor İnstitutu elmi şurasının iclası keçirilmişdir
Bakı, 11 iyun (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutu elmi şurasının növbəti iclası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov iştirakçıları gündəlik duran cari məsələlərlə tanış etmişdir.
AMEA Folklor İnstitutunda vakant şöbə müdiri, aparıcı və böyük elmi işçi vəzifələrinə seçkilərlə bağlı institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasov məlumat vermişdir.
Klassik folklor şöbəsinə dosent, filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov, musiqi folkloru şöbəsinə isə sənətşünaslıq doktoru, professor Nailə Rəhimbəyli müdir seçilmişlər.
Elmi şurada “Mürsəl Həkimov-85” mövzusunda məruzə edən institutun mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Seyfəddin Rzasoy tanınmış folklorşünas, filologiya elmləri doktoru, professor Mürsəl Həkimovun həyatı, yaradıcılığı haqqında ətraflı məlumat vermişdir.
Filologiya elmləri doktoru Muxtar İmanov Mürsəl Həkimovun alim kimi özünəməxsusluğu, yaradıcılığı haqqında fikirlərini bölüşmüş, onun aşıq sənətinin mahir bilicisi, araşdırıcısı olduğunu vurğulamışdır.
Aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya elmləri doktoru Elxan Məmmədli Mürsəl Həkimovun folklor toplayıcılığı fəaliyyətinə toxunmuş, bu sahədəki fədakarlığını ayrıca qeyd etmişdir.
İnstitutun folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyev Mürsəl Həkimovun elmdə yenilikçiliyindən və portret cizgilərindən danışmışdır.
Filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Qəniyev mərhum ilə bağlı xatirələrini bölüşmüşdür.
Sonda Mürsəl Həkimovun qızı, biologiya üzrə fəlsəfə doktoru Nübar Həkimova atasının xatirəsinin yad edilməsinə görə ailəsi adından institutun rəhbərliyinə, çıxışçılara minnətdarlığını bildirmişdir.