ELM VƏ TƏHSİL
AMEA-nın Geologiya İnstitutu ilə “Statoil-Azerbaijan” şirkəti arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır
Bakı, 6 sentyabr (AZƏRTAC). Sentyabrın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında qurumun Geologiya İnstitutu ilə “Statoil-Azerbaijan” şirkəti arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirmişlər ki, “Statoil” şirkətinin dünyanın aparıcı şirkətlərindən biri olduğunu vurğulayan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Geologiya İnstitutunun “bp” və “Statoil” şirkətləri ilə sıx əməkdaşlıq əlaqələrindən söz açmışdır. AMEA-nın prezidenti regionun biostratiqrafiyasının Geologiya İnstitutu tərəfindən geniş tədqiq olunduğunu bildirmişdir.
A.Əlizadə institutda mikropaleontologiya və makropaleontologiya analizlərinin mövcudluğunu qeyd etmiş, tədqiqat işlərində maqnit stratiqrafiyası analizlərindən də istifadə etməyin mümkünlüyünü diqqətə çatdırmışdır.
Akademiyaya sonuncu dəfə 2 il bundan əvvəl gəldiyini deyən “Statoil-Azerbaijan” şirkətinin prezidenti Tanqi Kosmao, A.Əlizadəni AMEA-nın prezidenti seçilməsi münasibətilə təbrik etmiş və qurum ilə yenidən əməkdaşlıq etməkdən məmnunluğunu ifadə etmişdir. T.Kosmao bu əlaqələrin digər sahələrdə də əməkdaşlığa zəmin yaradacağına ümidvar olduğunu bildirmişdir.
Sonra əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Sənədi AMEA-nın prezidenti, akademik A.Əlizadə və “Statoil-Azerbaijan” şirkətinin prezidenti T.Kosmao imzalamışlar.